Bu yaxınlarda Milli Qəhrəman Hökumə Əliyevanın atasının kart hesabından vəsaitin oğurlanması cəmiyyətdə ciddi rezonans yaratdı. Kiberdələduzların qurbanı olan xeyli sayda vətəndaş şikayətlərini dilə gətirdi. Bəziləri isə hətta bank kartları vasitəsilə nağdsız ödənişlərdən imtina edəcəklərini bildirdilər. Bu isə maliyyə sektoru üçün ciddi siqnal ola bilər.
Kibertəhlükəsizlik qaydaları yenilənəcək
Mövzu ilə bağlı “vergiler.az”ın sualına Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov da münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir sıra əlavə tədbirlər həyata keçirməyi planlaşdırır: "Praktiki olaraq, əksər ölkələrdə nağdsız ödənişlərin sayı artdıqca, dələduzluq halları da çoxalır. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bunun əsas səbəbi vətəndaşların özlərinə məxsus olan və paylaşılması məqsədəuyğun olmayan məlumatları paylaşmasından irəli gəlir. Kartlardan vəsaitlərin oğurlanması OTP kodların, digər hallarda kartın CVC məlumatlarının qarşı tərəfə verilməsi ilə birbaşa əlaqədardır”.
Mərkəzi Bank tərəfindən bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutulduğunu deyən V.Xəlilov ilk olaraq bu ilin mart ayından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarının yenilənəcəyini qeyd edib: “Hesab edirik ki, bu qaydaların tətbiqi müəyyən qədər müsbət təsir göstərəcək. Paralel olaraq, maliyyə qurumları ilə birgə mediada maarifləndirici məlumatlar paylaşılır. Əsas hədəf odur ki, biz vətəndaşlara nağdsız ödənişlərdən istifadə ilə bağlı doğru məlumatları təqdim edək. Mərkəzi Bank həm Banklar Assosiasiyası, həm də digər əlaqəli qurumlarla bu sahədə birgə fəaliyyət göstərir”.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov müxtəlif yönümlü kiberdələduzluq metodlarından istifadə edilərək insanların itkilərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, kiberdələduzluğa məruz qalan vətəndaşların müdafiəsi, vəsaitlərinin geri qaytarılması ilə bağlı ciddi iş aparılır: “Azərbaycanın güc strukturları, xüsusən polis oqranları bu məsələ ilə kifayət qədər geniş məşğul olurlar. Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq idarəsi də yaradılıb. Dövlət orqanları vətəndaşların oğurlanmış pullarını geri qaytarmağa çalışır, həmçinin kibercinayətkarlıqla məşğul olan şəxsləri həbs edirlər. Hazırda vətəndaş kiberdələduzluğa məruz qaldıqda banka şikayət edir, bank da öz növbəsində onu polis orqanlarına yönləndirir. Polis orqanlarının isə müxtəlif qurumlarla kargüzarlığı var ki, oradan alınan icazələrdən sonra banka müraciət edir və bank da məsələni araşdırmaq üçün lazımi sənədləri təqdim edir”.
Paylaş: