Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı əmək və məşğulluq altsistemində (ƏMAS) işəgötürənlər üçün yeniliklər davam edir. Son dövrlərdə tətbiq edilən yeniliyə əsasən, ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanması üçün xüsusi bölmə işəgötürənlərin ixtiyarına verilib. Lakin bəzən ondan istifadə edən işəgötürənlərin sistemdəki funksionallıqla bağlı çətinlikləri yaranır.
“Birinci məqam odur ki, “Məzuniyyət əmrləri” bölməsində işçinin bütün növ məzuniyyətlərinin rəsmiləşdirilməsi mümkündür. İnsan resursları sahəsində çalışan mütəxəssislər əmək, təhsil, yaradıcılıq, sosial (hamiləliyə və doğuşa görə), qismən ödənişli sosial və ödənişsiz məzuniyyətlər üzrə əmr formasını ƏMAS-da hazırlamaq imkanına malik olacaq. Məzuniyyət əmrlərinin hazırlanması zamanı Əmək Məcəlləsinin 138-ci maddəsinin tələbləri gözlənilib. Həmin maddədə olduğu kimi, elektron məzuniyyət əmrində işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilir. Bundan əlavə, əmək məzuniyyətinə əsas verən sənəd (işçinin ərizəsi, təhsil və ya tibb müəssisəsinin müvafiq sənədi və s.) haqqında məlumatların məzuniyyət əmrində qeyd edilməsi də həyata keçirilir”.
A.Bayramov bildirib ki, ikinci məqam altsistemdə beşgünlük iş rejimində məzuniyyət əmrinin tərtibi zamanı məzuniyyətin başlanma tarixinin qeyd olunması halında məzuniyyətin bitmə və işçinin işə başlama tarixinin avtomatik qeyd edilməsidir. İşəgötürən ƏMAS-da məzuniyyət günlərinin sayı və başlanma tarixini qeyd etdikdə, proqram təminatı 2024-cü ilin istehsalat təqviminə uyğun olaraq məzuniyyətin bitmə və işçinin işə başlama tarixini avtomatik olaraq müəyyənləşdirir. Sistemdə altıgünlük və digər iş rejimlərini tətbiq edən işəgötürənlər üçün məzuniyyətin bitmə və işçinin işə başlama tarixinin əl ilə (manual olaraq) daxil edilməsinə imkan da yaradılıb: “Burada üçüncü vacib məqam ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanmasının işəgötürənlər üçün mütləq tələb kimi nəzərdə tutulmamasıdır. Dövlət qurumu tərəfindən məzuniyyət əmrlərinin tərtib edilməsi prosesi işəgötürənlərə dəstək məqsədilə hazırlanıb. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddədən göründüyü kimi, məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni işəgötürən məzuniyyət əmrlərini kağız və (və ya) ƏMAS üzərindən elektron formada hazırlamaqda sərbəstdir”.
Paylaş: